Sevgiye geden yolda, yalnızlığa son!

Daxil ol

  • Metroda oturacaqlar quraşdırılır

    22.06.2016 02:34

    Ötən il Bakıda keçirilən 1-ci Avropa Oyunları ilə əlaqədar \"Bakı Metropoliteni\" Qapalı Səhmdar Cəmiyyəti bəzi metro stansiyalarının platformalarında təhlükəsizlik tədbirlərini gücləndirmək məqsədilə yığışdırdığı oturacaqların yenidən quraşdırlımasına başlayıb.Qurumun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hazırda metronun \"Elmlər Akademiyası\" stansiyasının platformasında yeni oturacaqlar quraşdırılıb və sərnişinlərin istifadəsinə verilib: \"Keçən il stansiyalarda təhlükəsizlik tədbirlərini gücləndirmək üçün bəzi stansiyalarda platformalardakı oturacaqlar yığışdırılmışdı. İndi həmin stansiyalarda yeni və müasir oturacaqların quraşdırılmasına başlanıb. Artıq \"Elmlər Akademiyası\" stansiyasında həmin oturacaqlar quraşdırılıb və sərnişinlərin istifadəsinə verilib. Yaxın günlərdə \"Cəfər Cabbarlı\" və \"Sahil\" stansiyalarının platformalarında da oturacaqlar quraşdırılacaq\".N.Paşayev bildirib ki, adıçəkilən stansiyaların hər birinin platformasında 10 oturacaq quraşdırılacaq.

  • Azərbaycanda xəstəxananın işığı söndü, iki körpə öldü

    22.06.2016 02:33

    Salyan rayonunda dünyaya gələn üçəmlərdən ikisi doğuşdan 6 saat sonra ölüb, birinin isə vəziyyəti ağırdır.May.az \"Report\"-a istinadən xəbər verir ki, Salyan şəhər Həsən Məmmədov küçəsi, ev 6 ünvanında yaşayan 21 yaşlı Mirzabitə İlham qızı Abdullayeva ötən gecə Salyan Rayon Mərkəzi Xəstəxanasının (RMX) doğum şöbəsinə yerləşdirilib. Onun ailə üzvlərinin sözlərinə görə, doğuş normal həyata keçirilib və ana üçəm dünyaya gətirib. Lakin doğuşdan 6 saat sonra xəstəxananın elektrik enerjisi kəsilib və şüşə altında saxlanılan körpələrdən ikisi oksigen çatışmazlığından ölüb, birinin isə vəziyyəti ağır olaraq qalır.Qeyd edək ki, Salyan RMX-da elektrik generatorunun olduğu bildirilir. Lakin generator nasaz vəziyyətdə olduğundan işləməyib.

  • Azərbaycanda dollara təlabat artıb

    22.06.2016 02:31

    Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb və 28 banka satılıb.Fonddan OBBA.WS-ə verilən məlumata görə, il ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.

  • Maşın Bakıda ola-ola Kürdəmirdə radara düşdü

    22.06.2016 02:29

    Sürücü Pəhlivan Mehdiyev radara düşüb. Daha doğrusu, ona idarə etdiyi avtomobilin radara düşməsi barədə MMX protokol göndərilib. Lakin sürücü bununla razılaşmır. Çünki radara düşən avtomobil ona məxsus deyil. Pəhlivan Mehdiyev baş verənlərlə bağlı Avtosfer.az-a bildirib ki, 16.06.2016-cı il tarixdə idarə etdiyi 90-FV-787 qeydiyyat nişanlı «Kia Picanto» markalı avtomobillə Bakı şəhərində hərəkətdə olarkən Kürdəmirdə radara düşüb: «Elektron kabinet»imə elektron protokol gəldi ki, guya Bakı-Qazax yolunda radara düşmüşəm. Hansı ki, qeyd etdiyim avtomobil Bakı şəhərindən kənara çıxmır. Fotoşəkilə baxdıqda gördüm ki, radara düşən 90-FM-787 qeydiyyat nişanlı «Hyundai Veracruz» markalı avtomobildir. Sadəcə olaraq, xüsusi texniki vasitə avtomobilin qeydiyyat nişanındakı \"M\" hərfini \"V\" hərfi ilə səhv salaraq protokolu mənim adıma tərtib edib. Ertəsi gün Baş Dövlət Yol Polisi İdarəsinə getdim, problemi söyləyən kimi dərhal protokolu ləğv elədilər. Buna görə də DYP-yə təşəkkür edirəm».

  • Millimizin futbolçusu zorladığı iddia olunan modellə yenidən görüşüb

    22.06.2016 02:26

    Almaniyalı model Qina Liza-Lohfinki zorlamaqda günahlandırılan Azərbaycan millisinin hücumçusu Pərdis-Fərcad Azadın məsələsində yeni məlumat yayılıb.May.Az \"Qafqazinfo”-ya istinadən məlumat verir ki, Gina-Liza Pərdis-Fərcad Azadla həmin hadisədən sonra görüşüb və yenə də birlikdə olublar. Həmin görüşdə Almaniya milli komandasının və \"Bavariya”nın müdafiəçisi Jerom Boatenq də iştirak edib.Qeyd edək ki, Gina-Liza Lohfink 2012-ci ildə Berlin məhkəməsinə müraciət edərək bildirib ki, Pərdis Fərcad-Azad və Sebastian adlı şəxs onu zorlayıb. Növbəti məhkəmə prosesi 27 iyun tarixində keçiriləcək.

  • Daha bir neft ölkəsi milli valyutasını devalvasiya edib

    22.06.2016 02:24

    Nigeriya Mərkəzi Bankı üzən məzənnə rejiminə keçidlə bağlı qərar qəbul edib. \"APA-Economics\" xəbər verir ki, bu qərardan sonra milli valyuta olan nayra 24% ucuzlaşıb. Nayranın daha da ucuzlaşacağı gözlənilir. Mərkəzi Bankın açıqlamasında bildirilir ki, valyuta ehtiyatlarının azalması üzən məzənnə rejiminə keçidi zəruri edib.

  • İlham Əliyev Nardarana getdi

    22.06.2016 02:22

    Bu gün Prezident İlham Əliyev Bakı şəhəri, Sabunçu rayonunun Nardaran qəsəbəsinə gedib.Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaranmasının 15 illiyi ilə bağlı tədbirdə Qafqaz Müsəlmanları İdaərsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.O bildirib ki, Prezident Nardaran qəsəbəsində məscidlərə baş çəkib: \"İndi orada hər şey normaldır, heç bir qarşıdurma yoxdur”.

  • Bakıda avtomobil 3 piyadanı vurub

    22.06.2016 02:21

    Bakıda avtomobil 3 piyadanı vurub. May.Az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyunun 21-də saat 01 radələrində Binəqədi rayonunun Xocəsən qəsəbəsində Xırdalan şəhər sakini Anar Səfərov idarə etdiyi \"Nissan” markalı avtomobillə yolu keçən Bakı şəhər sakinləri Cavanşir Kirmirzəyevi, Səbuhi Şahmarovu və İsmayıl Hümbətovu vurub. Nəticədə C.Kirmirzəyev hadisə yerində ölüb, digər piyadalar isə xəstəxanaya yerləşdiriliblər.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

  • Azərbaycanlı aktyor ağır xəstəlikdən əziyyət çəkir - Köməyə ehtiyacı var

    22.06.2016 02:18

    Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Rəhim Rəhimovun səhhətində ciddi problemlər yaranıb. May.Az məlumat verir ki, bu haqda aktyorun həmkarları sosial şəbəkədə məlumat yayıblar. Onlar bildirib ki, aktyor böyrək çatışmazlığından əziyyət çəkir. Xəstəxanada müalicə olunmasına baxmayaraq aktyorun səhhəti yenidən pisləşib. Böyrəklərinin fəaliyyəti zəifləyən sənətçi təcili əməliyyat olunmalıdır. Lakin, aktyorun maddi imkanı aşağı olduğu üçün əməliyyat oluna bilmir. Buna görə Rəhim Rəhimovun sənət dostları onun üçün sosial şəbəkə vasitəsilə çağırış ediblər. Aktyor Kamran Ağabalayev ölkə başçısı İlham Əliyev və xanımı Mehriba Əliyevaya müraciət edərək Rəhimə kömək etmələrini istəyib. Aktrisa Hüsniyyə Mürvətova isə Rəhim Rəhimova maddi yardım edilməsi üçün bank hesabı yaradıldığını yazıb: \"Rəhim Rəhimov xeyli müddətdir böyrək çatışmazlığı ve xroniki qlomerulonefritin kəskinləşməsi xəstəliyindən əziyyət çəkir. Son vaxtlar bu xəstəlik daha da kəskinləşdiyi üçün həkimlər təcili böyrək köçürülmə əməliyyatını vacib hesab edirlər. Bu əməliyyat böyük vəsait tələb edir. Bir aktyor maaşı ilə bu əməliyyatın həyata keçirilməsinin qeyri-mümkünlüyünü nəzərə alaraq biz dostları, onun iradəsinin əksinə olaraq qərara gəldik ki, Facebook vasitəsi ilə bütün həmkarlarımıza, dostlarımıza, qohumlarımıza, iş yoldaşlarımıza müraciət edərək Rəhim Rəhimovun adına Kapital bankda açılan hesaba imkan daxilində yardım etmənizi rica edək. Hər iki böyrək funksiyasını yetərincə yerinə yetirə bilmədiyi üçün qanda kreotin miqdarı artmaqda davam edir. Odur ki, hamımız tələsməliyik! Bu müraciətə laqeyd qalmayan hər kəsə dərin minnətdarlığımızı bildiririk\" Rəhim Rəhimova maliyyə yardımı etmək istəyənlər aşağıdakı bank hesabına pul köçürə bilərlər:Benefisiarın adı: RƏHİM RƏHİMOV MƏMMƏD HÜSEYNBank Kapital-ı seçib kodu Hesab: AZ19AIIB41010019440036391118 VÖEN: 9900003611 Xatırladaq ki, Rəhim Rəhimov 1979-cu ildə Bakıda anadan olub. 1995-ci ildə Bakı şəhər 206 saylı orta məktəbi bitirərək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kütləvi tamaşaların rejissoru fakültəsinə daxil olub. 2001-ci ildə həmin universitetin teatrşünaslıq ixtisası üzrə magistraturasını bitirib. 1997-ci ildən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrında işləyir.

  • Bakıda qadınlara qarşı quldurluq etmiş şəxsin əməlləri...

    22.06.2016 02:16

    Qadınları qarət etdi, həbsə atıldı, indi mühakimə olunur Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda ittiham olunan Əli Məlikovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Əlisultan Osmanov sədrlik edib. Prosesdə zərərçəkən şəxslər dindirilib.Zərərçəkmiş şəxs qismində dindirilən Şəhla Hüseynova Hövsan qəsəbəsində həkim işlədiyini, hadisə baş verən gün işdən evə getdiyini, yaşadığı binanın blokuna girərkən hücuma məruz qaldığını deyib: \"Elə bil cərəyan vurdu, hər yeri alaqaranlıq görürdüm. Bir oğlanı gözüm seçdi. Amma üzü tam aydın deyildi. Xahiş elədim ki, mənə kömək eləsin. İkinci dəfə məni elektrik cərayanı vurdu. Huşumu itirdim. Qonşunun oğlu məni görüb, təcili yardım çağırıb. Xəstəxanada müalicə olunmuşam. Bu adam başıma vurub, bahalı saatımı, boyunbağımı, çantamı aparıb”.Zərərçəkmişin ifadəsinə görə, qonşunun evinin qarşında kamera olduğundan hadisə kamera düşüb, polisə məlumat verilib. Sonradan hadisəni törədən şəxs həbs olunub. Zərərçəkmiş ona hücum edən şəxsdən şikayətçi olduğunu məhkəmənin diqqətinə çatdırıb.Zərərçəkən Zaya Hüseynova ifadəsində müəllim işlədiyini, hadisə baş verən gün qızıgilə getdiyini, bloka qalxan zaman kiminsə onu vurduğunu göstərib. Həmin vaxt bir nəfər ona köməklik edib, aptekə çatdırıb. İlkin yardım göstərildikdən sonra təcili yardım çağırılıb, Sabunçu xəstəxanasında əməliyyat olunub. Zərərçəkmiş səhhətində problemlər yarandığını, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu deyib.Məhkəmə prosesi iyulun 13-də davam edəcək.Qeyd edək ki, Əli Məlikov Bakı şəhərinin Nizami, Xətai və Sabunçu rayonlarında qadınlara qarşı quldurluq hadisələri törətməkdə təqsirli bilinir. O, paytaxtın müxtəlif yerlərində əsasən yaşlı qadınları müəyyən edərək onları izləyib. İnsanların az olduğu yerlərdə, o cümlədən yaşayış binalarının dəhlizlərində əvvəlcədən hazırladığı və üzərində gəzdirdiyi küt alətlə qadınların baş və boyun nahiyələrinə xəsarət yetirərək öz cinayət əməllərini həyata keçirib.Ötən ilin iyul ayı ərzində Nizami rayonu ərazisində paytaxt sakinləri Xanımqız Əhmədova, Aişə İsmayılova, Zemfira Ağabəyova və Şəhla Hüseynovaya xəsarət yetirərək, onların üzərində olan pul, mobil telefon və qızıl-zinət əşyalarını qarət edib.Cinayətkar əməllərini Xətai və Sabunçu rayonlarında da davam etdirən Əli Məlikov eyni üsulla Gülümzər Həmzəyeva və Elmira Hüseynovaya da hücum edib və onlara maddi ziyan vurmaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.Əli Məlikov quldurluq yolu ilə ələ keçirdiyi qızıl-zinət əşyalarını paytaxtın müxtəlif zərgərlik dükanlarına satıb, pul əldə edərək narkotik vasitələrə olan tələbatını ödəyib.Qeyd edək ki, Əli Məlikov əvvəllər Cinayət Məcəlləsinin 333-cü (hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə), və 234-cü (qanunsuz olaraq narkotik vasitələri və ya onların prekusorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə məhkum edilib.

  • Dollar yenə bahalaşdı - Sabahın məzənnəsi AÇIQLANDI

    22.06.2016 02:14

    İyunun 22-nə manatın məzənnəsi açıqlanıb.Azərbaycan Mərkəzi Bankından May.Az-a verilən məlumata görə, 22.06.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,5270 səviyyəsində müəyyən olunub.Qeyd edək ki, iyunun 21-də USD/AZN rəsmi məzənnəsi 1,5240 səviyyəsində olub.

  • Sabahdan metro yeni qrafiklə işləyəcək

    22.06.2016 02:13

    Sabahdan Bakı Metropoliteninin qatarları yay qrafiki ilə hərəkət edəcək. Bu barədə BAKU.WS metropolitenin saytına istinadən məlumat verir.\"Bakı Metropoliteni\" QSC-nin sədri Zaur Hüseynovun əmrinə əsasən, iyunun 22-dən metropolitendə qatarların hərəkətində yay qrafikinin tətbiqinə başlanılacaq. Qrafikə uyğun olaraq, tərtib edilən cədvələ əsasən, bir saat ərzində hərəkət yükü nəzərə alınaraq, xətlərdə qatarlararası intervallarda dəyişikliklər edilib. Gur saatlarda \"Həzi Aslanov\" stansiyasından \"28 May\" stansiyasına qədər və əks istiqamətdə interval 2.5 dəqiqə olacaq. Gur hərəkət səhər saat 8-dən 10-a, axşam isə 5-dən 8-in yarısına qədərdir.Qalan vaxtlarda bu istiqamətdə 3 dəqiqəlik intervala hesablanmış hərəkət təşkil ediləcək. Yalnız gecə saatlarına yaxın hərəkət daha böyük intervalla təşkil edilir.Məlumdur ki, metropolitendə iki xətt olsa da, qatarlar yolun əsas hissəsini bir xətt üzrə qət edir. Buna görə də \"28 May\" stansiyasından sonra hərəkət zamanı həm \"İçərişəhər\", həm də \"Dərnəgül\" stansiyaları istiqamətində interval iki dəfə artır. Buna uyğun olaraq, həmin sahələrdə qatarlar gur saatlarda 5, digər vaxtlarda isə 6 dəqiqə uzaqlıqda olmaqla hərəkət edirlər.Qeyd edək ki, \"Həzi Aslanov\" stansiyasından hərəkət edən qatarlarda interval \"Bakmil-Nərimanov\" yol mənzili istiqamətində qatarların hərəkəti zamanı daha çox olur. Bu, həmin qatarlarda metropoliten xətlərinin vahid hərəkət cədvəlinə uyğun olaraq tətbiq olunur.Qrafik yeni tədris mövsümünə qədər qüvvədə olacaq.

  • Siqaret çəkənlər üçün yeni XƏBƏR: Bu siqaretlər ucuzlaşdı

    22.06.2016 02:11

    Bu barədə Unikal.org-un mağazalarda monitorinq aparan əməkdaşı məlumat verib. \"Vikeroy\" markakalı siqaret (kompakt) 1.8 manatdan 1.3 manata enib, bu markanın 1.5 manata satılan digər növlərinin qiyiməti isə 1.2 manata düşüb. Qiymət azalmasının \"Vest\", \"LD\", \"Vinston\"un bütün növlərində və digər populyar siqaret markalarında da müşahidə olunacağı iddia edilir.

  • Prezident onlara möhlət verdi: Fərman imzalandı

    22.06.2016 02:10

    Prezident İlham Əliyev \"Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanunun tətbiqi haqqında fərman imzalayıb.May.Az xəbər verir ki, Trend-in məlumatına görə, qanunun 21-ci maddəsinə edilən dəyişikliyə əsasən, bundan sonra hərbi xidmətə çağırışdan möhlət hüququ magistratura və doktorantura səviyyələrinə də şamil olunacaq.Qeyd edək ki, indiyə qədər hərbi xidmətə çağırışdan möhlət hüququ ancaq bakalavriat pilləsində təhsil alanlara verilirdi.

  • Bu yolda sürət həddi artırıldı

    22.06.2016 02:08

    Bakının \"Dərnəgül yolu\" kimi tanının ən böyük prospektlərindən biri Ziya Bünyadov prospektidir. Avtosfer.az-ın məlumatına görə, bu prospekt uzun müddət təmir olunandan sonra istifadəyə verilib və sürücülərin işini xeyli asanlaşdırıb. Lakin burada yol qəzalarının sayı artır və demək olar ki, hər gün qəza baş verir və bu da saatlarla tıxaca səbəb olur. Bir neçə gündür həmin yolda sürət həddi artırılıb. Hazırda Ziya Bünyadov prospektinin bəzi yerlərində 90 km/saat sürət həddi tətbiq olunur. Bununla bağlı yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov Avtosfer.az-a açıqlamasında bildirdi ki, orada hətta 80 km/saat sürət həddinin tətbiq edilməsi təhlükəlidir və düzgün deyil: \"Həmin prospektdə yaşayış məntəqəsi üçün nəzərdə tutulan sürət həddi yetərlidir, uzaq başı prospektin 2-3 yerində məhdud məsafədə 70 km/saat qoymaq olar. Əminəm ki, o prospektdə tez-tez baş verən qəzaların əsas səbəbi sürət rejiminin düzgün təyin edilməməsidir. Belə yüksək sürətin prospektin buraxıcılıq qabiliyyəti üçün də əhəmiyyəti yoxdur. Çünki tıxanma və sıxlıq prospektin hər iki tərəfdən sonunda olur. Yəni prospekt boyu sürətlə gəlsən də, pik saatlarda sonda ilişib həmin vaxtı itirirsən...Bu gün baxıram ki, orada sürət həddini bir az da qaldırıb 90 km/saat ediblər. Heç nə başa düşmədim\".

  • Sabah bu rayonlarda qaz olmayacaq

    22.06.2016 02:06

    Abşeron və Qazax magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.May.Az SOCAR-ın saytına istinadən məlumat verir ki, iyunun 22-də saat 10:00-dan 13:00-a qədər \"Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin \"Zığ”, saat 10:00-dan 18:00-dək isə Qazax magistral qaz kəmərləri sahəsinin \"Ağstafa” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.Təmir işlərinin Bakı şəhəri Xətai və Suraxanı rayonlarının, həmçinin Ağstafa şəhərinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

  • \"Stolun üstünə maşın açarı atdı ki, \"1 gecə mənim ol\"

    22.06.2016 02:05

    Kənan MM həyatı ilə bağlı maraqlı etiraflar edib. May.Az axşam.az-a istinadən məlumat verir ki, rejisssor bir vaxtlar kriminal həyat yaşadığını deyib:\"Elə bir mühitdə olmuşam ki, düzgün olmaq işə yaramırdı. Narkotik maddə istifadəçiləri ilə, oğrularla bir otaqda qalmışam. Üstümdə qaz balonu, bıçaq gəzdirmişəm. Bir dəfə Sumqayıtda qaz balonu köməyimə çatdı. Telefonumu götürmək istəyirdilər, ikisini vurdum, üçüncüyə gücüm çatmadı, qaz balonundan istifadə etdim\".Rejissor həyatındakı sevgilərdən də danışıb:\"Evlənənə qədər neçə dəfə sevmişəm. İlk sevgim ingilis dili müəlliməm olub. O qədər evli qadınlardan təkliflər almışam ki... Özümü onun kişisinin yerinə qoymuşam, razılaşmamışam. Bir qız 2 ay mənə yazdı, görüşmək istədi. Axırda görüşdüm, o qədər gözəl idi ki... Ətrinin iyi özündən əvvəl gəlirdi. Özümü söyürdüm ki, 2 ay bunu necə geri çevirmişəm? Ad günüm ərəfəsində qız mənlə görüşdü, stolun üstünə maşın açarı atdı ki, \"1 gecə mənim ol\". Etiraz etdim, nəfsimin qurbanı olmadım. Halbuki çox ehtiyacım var idi, maşın alacaq qədər qazanmırdım. Sonra öz gücümə ev də, maşın da aldım\".

  • Ramil Usubov iki polis rəisinin yerini dəyişdi

    22.06.2016 02:01

    Bu gün daxili işlər naziri Ramil Usubov iki polis rəisinin xidmət yerinin dəyişdirilməsi ilə bağlı əmr imzalayıb.Anspress-in məlumatına görə, əmrə əsasən Xaçmaz Rayon Polis Şöbəsinin rəisi Ədalət Yaqub oğlu Abbasov Bakı şəhərinin Nizami Rayon Polis İdarəsinə rəis təyin edilib.Digər bir əmrlə isə Nizami Rayon Polis İdarəsinin rəisi Nofəl Hidayət oğlu Məhərrəmov isə Xaçmaz Rayon Polis Şöbəsinin rəisi təyin edilib.Vəzifəyə yeni təyin edilən Ədalət Abbasov sayta açıqlamasında bildirib ki, nazirin bütün göstəriş və tapşırıqlarını bacarıqla yerinə yetirəcək: \"Nizami rayonu ərazisində də asayişin qorunması üçün əlimdən gələni edəcəm. İşimə vicdanla yanaşacam\".

  • Fatih Terim bitdi demədi: Türkiyədən qələbə

    22.06.2016 02:00

    İyunun 21-də futbol üzrə XV Avropa çempionatının 12-ci günündə \"D” qrupunda da mübarizəyə yekun vurulub.Bordo şəhər stadionunda qrup lideri İspaniya yığması Xorvatiya millisi ilə üz-üzə gəlib. Lens şəhərindəki \"Bollar Delelis” stadionunda paralel oynanılan digər qarşılaşmada isə Çexiya və Türkiyə milliləri qrup üçüncüsü olmaq uğrunda mübarizə aparıb.Hər iki oyunda erkən qol qeydə alınıb.İspaniya yığmasının matçın 7-ci dəqiqəsində sağ cinahdan başladığı hücumu Morata dəqiq tamamlayaraq, hesabı açmaqla yanaşı, \"Avro-2016”da özünün üçüncü qoluna imza atıb. Xorvatiyalılar yalnız ilk hissənin sonunda – 45-ci dəqiqədə Kaliniçin qolu ilə hesabı bərabərləşdirə biliblər – 1:1. Matçın 72-ci dəqiqəsində İspaniya yığmasının kapitanı Serxio Ramosun yerinə yetirdiyi 11 metrlik cərimə zərbəsini xorvatiyalı qapıçı Subaşiç dəf edib. Əvəzində xorvatiyalılar 87-ci dəqiqədə Perişçin qolu ilə oyunda qalib gələ biliblər. Beləliklə, matç Xorvatiya yığmasının 2:1 hesablı qələbəsi ilə başa çatıb.Digər oyunda isə Türkiyə millisi 10-cu dəqiqədə Burak Yılmazın qolu ilə hesabı açıb – 1:0. Matçın ilk hissəsi qardaş ölkə təmsilçilərinin 1:0 hesablı üstünlüyü ilə başa çatıb. Fasilədən sonra da hücumları davam etdirən Türkiyə yığması hesab arasındakı fərqi artırıb. Oyunun 65-ci dəqiqəsində Selçukun yetirdiyi standart vəziyyətdən sonra çexiyalıların cərimə meydançasında yaranan qarışıqlıqdan istifadə edən Mehmet Topal topu Ozan Tufana ötürüb. Sonuncu isə dəqiq və güclü zərbə ilə hesabı 2:0-a çatdırıb.Qalan dəqiqələrdə hər iki komanda bir neçə dəfə qol vəziyyəti yaratsa da, hesab dəyişməyib və Türkiyə millisi matçdan 2:0 hesablı qələbə ilə ayrılıb.Beləliklə, Xorvatiya yığması 7 xalla \"D” qrupunu ilk sırada tamamlayıb. Aktivində 6 xal olan İspaniya isə ikinci pillədə yer alıb. Türkiyə yığması 3 xalla üçüncü, hesabında 1 xal olan Çexiya millisi isə sonuncu sırada qərarlaşıb.Bununla da bu qrupdan Xorvatiya və İspaniya səkkizdəbir finala birbaşa yüksəlib. Türkiyə millisinin isə səkkizdəbir finala yüksəlməsi digər qruplarda keçiriləcək oyunların nəticəsindən sonra məlum olacaq. Çexiya millisi isə çempionatda mübarizəni dayandırıb.

  • Ramazan ayının 16-cı gününün duası: 3 dildə (İmsak və iftar vaxtı)

    22.06.2016 01:57

    \"Allahummə vəffiqni fihi limuvafəqətil-əbrar. Və cənnibni fihi murafəqətəl-əşrar. Və avini fihi birəhmətikə ila daril-qərar. Bi-ilahiyyətikə ya ilahəl-aləmin\". Tərcüməsi:\"İlahi, bu gün yaxşı bəndələrin tayı olmağı mənə nəsib et! Məni pis adamlardan uzaqlaşdır! Bu gün mənə öz rəhmətinlə behişt qərargahında yer ver! Allahlığına and verirəm, ey aləmlərin Allahı\". Молитва:Во имя Аллаха Всемилостивого и Милосердного.О Аллах! Удостой меня чести в этот месяц оказаться в рядах праведников и уберегиот дружбы с грешниками. Во имя Твоего милосердия, позволь мне в этот день войти в райскую обитель. Во имя Твоей божественности, о Господь миров! İyunun 22-də Bakıda imsak saat 03:08, iftar isə saat 20:31-dədir.