Новость - Təhsil sistemində ənənəvi üsula qayıdılır
Təhsil sistemində ənənəvi üsula qayıdılır




İsveç tələbələrin oxu və yazı bacarıqlarının zəiflədiyini əsas gətirərək ənənəvi təhsil vasitələrinə üz tutur.

BiG.AZ xarici mənbəyə istinadən xəbər verir ki, İsveçdə tələbələrin oxu bacarıqları Avropa ortalamasından yüksəkdir. Bununla belə, 2016 və 2021-ci illər arasında dördüncü sinif oxu səviyyələrinin azaldığı aşkar edilib.

11 ay əvvəl vəzifəyə başlayan İsveçin məktəblərdən məsul naziri Lotta Edholm təhsildə həddindən artıq rəqəmsallaşmanın uşaqların oxuma və yazma bacarıqlarını aşağı saldığı fikrini müdafiə edir. Keçən ay məktəbə qayıdan azyaşlı uşaqlar üçün ənənəvi təhsil metodlarına qayıdış başladılıb. Müəllimlər uşaqları rəqəmsal ekranlar əvəzinə çap olunmuş kitablara, səssiz oxu saatlarına və əl yazısı məşqinə yönəldirlər. Nazirlik 6 yaşadək uşaqlar üçün rəqəmsal təhsili tamamilə dayandırmağı planlaşdırır.

İsveç 15 il əvvəl müasir təhsil metodlarına keçib. Tələbələrə izah edilənləri dəftərdə yazmaq əvəzinə planşetlərdə qeydlər aparmağı öyrədiblər. Təhsil ekspertləri deyirlər ki, bəzi öyrənmə boşluqları koronavirus pandemiyası və ya ana dili İsveç dilində olmayan immiqrant tələbələrin sayının artması ilə əlaqədar ola bilər.

Qeyd edək ki, İsveç hökuməti bu il məktəblərə kitab almaq üçün 685 milyon kron investisiya ayıracaq. Dərsliklərin geri qaytarılmasını sürətləndirmək üçün 2024 və 2025-ci illərdə hər il əlavə 500 milyon kron xərclənəcək.

Sevda Səfərova
Rəylər 0
Hələ şərh yoxdur
Bağışlayın, şərh yazmaq sizin üçün əlçatan deyil
əvvəl